Heyvandarlıqda Genetik Seleksiya və Biotexnologiya – İnkişafa Gedən Yol” adlı elmi konfrans keçirilmişdir
Kənd Təsərrüfatı Nazirliyinin, Göygöl Rayon İcra Hakimiyyətinin və Aqrar İnnovasiya Mərkəzinin dəstəyi, Heyvandarlıq və Balıqçılıq Elmi Tədqiqat İnstitutunun təşkilatçılığı ilə Göygöl rayonunda “Heyvandarlıqda Genetik Seleksiya və Biotexnologiya – İnkişafa Gedən Yol” adlı elmi-praktik konfrans keçirilmişdir.
Konfransın açılışında Göygöl Rayon İcra Hakimiyyətinin başçısı Vüqar Novruzov bölgənin aqrar potensialı və bu istiqamətdə həyata keçirilən dövlət proqramlarının əhəmiyyətindən bəhs edərək genetik seleksiya və biotexnologiyanın heyvandarlıqda məhsuldarlığın və rəqabət qabiliyyətinin artırılmasında həlledici rolunu vurğulayaraq, elmi yeniliklərin tətbiqinin zəruriliyinə diqqət çəkmişdir.
Tədbirin elmi hissəsində bir çox nümayəndələrin çıxışı ilə yanaşı, Xəzər Universitetinin Hasvet Baytarlıq Təbabəti fakültəsinin dekanı vəzifəsini icra edən DVM. Çiçək Əliyeva “Süni İntellektin Baytarlıq Təhsili və Antimikrob Rezistentliyə Qarşı Mübarizədə Rolu” mövzusunda məruzə ilə çıxış etmişdir.
Müzakirələrdə həmçinin Azərbaycanda biotexnoloji metodların tətbiqinin genişləndirilməsinin zəruriliyi xüsusi qeyd olunmuşdur. Heyvan xəstəliklərinə qarşı effektiv mübarizənin təşkili, reproduktiv göstəricilərin optimallaşdırılması və yüksək məhsuldarlıq genlərinin populyasiyada sürətli yayılması istiqamətlərində biotexnologiyanın həlledici rol oynadığı diqqətə çatdırılıb.
Mütəxəssislər sahəyə investisiyaların artırılmasının, kadr hazırlığının gücləndirilməsinin və genetik seleksiya proqramlarının müasir elmi-praktik prinsiplərə əsaslanaraq intensivləşdirilməsinin vacibliyini vurğulayıblar.



